Müxalifətin Vahid Məhərrəmli düşüncəsi…


AXCP Rəyasət heyətinin üzvü, iqtisadçı alim Vahid Məhərrəmlinin sərsəmləmələri son vaxtlar onun aləmində facebook “bəzəyinə” çevrilib. Adam müxalif partiyada vurnuxa-vurnuxa elə düşüncələrə dalır ki, sonda buraxdığı quşları cızma-qara şəklində profilində uçurmaq məcburiyyətində qalır.
V.Məhərrəmli yaşından və başından çox uzağa gedərək Prezidentə ünvanladığı statusunda müqəddəs Vətən savaşımızda döyüşənlərin yalnız kasıb, imkansız ailələrdən olduğunu vurğulayıb, amerika kəşf edəcəkmiş kimi, siyasi baxışları məxsus olduğu partiyaya(və ya özünə) fokuslamağa çalışır…
Əlbəttə, Məhərrəmlini hardasa başa düşmək olar, müharibədən sonra Ali Baş Komandanın artan nüfuzu, sərhədləri aşıb keçən xarizması müxalif düşərgə sakinlərinin, o cümlədən AXCPçilərin də rahatlığını əlindən alıb. Bundan sonra kimin və nəyin uğrunda mübarizə aparmalı? Dünənə qədər Qarabağın işğalda olmasından yana, yüzlərlə manipulyasiyalar edib xaricdə oturan qrant dəllallarından ustufca çırpışdırmaq olurdu. Bəs indən belə kimin “dəyirmanında banlamaq gərək olacaq”???
Əslində, Məhərrəmli korşalmış yaddaşını qurdalasa, əmin olar ki, Vətən savaşımızda bütün müxalif düşərgə Ali Baş Komandanla birgə olmaq, bir sırada dayanmaq üçün eyni mövqeni sərgilədilər. Bu mövqe Məhərrəmlinin ürəyincə deyildi. Elə ona görə də yaxın çevrəsinin yanında 1-ci Qarabağ müharibəsi veteranı, mübarizliyi ilə müxalif partiya rəhbərlərini kifayət qədər üstələyən, iqtidara qarşı sərt mövqeyi ilə seçilən Tofiq Yaqublu xəstəxanada müalicə alarkən onun haqda “Yaqubluya Arif Hacılının qanını köçürüblər, ona görə də satılıb və Prezidentə dəstək verir” deməkdən çəkinmədi…
Vahid Məhərrəmli bəhs etdiyimiz statusda məmur balalarının müharibə vaxtı kafe və barlarda kefdə olduqlarını vurğulayır.Babalı öz boynuna olanların, amma pandemiyanın tüğyan etdiyi, müharibənin qapımızı kəsdirdiyi zamanda burda həqiqət yükünün çox az və heç olmadığı apaydın görünür. Məhərrəmli yenə də unudur ki, ikicə nümunə ilə onun dediklərinin cəfəngiyyat olduğunu bir daha görmək olar. Gəncə şəhər prokurorluğunun işçisi, atası vaxtilə prokuror işləyən Yüksəl Əlizadənin şəhidlik zirvəsinə ucaldığını necə yaddan çıxarmaq olar? Yaxud Vaqif Əsədovun oğlunun könüllü cəbhəyə getməsini necə danmaq olar?
Vahid Məhərrəmli və onun kimiləri peşələrindən əl çəkib siyasət qazanında bişməyi onsuz da adətə çeviriblər. Sadəcə unudurlar ki, bu qazandan çıxanda onların yalnız “yoluq siluetləri” qalır…

Kanal20.az