İsraillə və səmimi olan hər kəslə dostluq – Prezident Əliyevin tarixi barış missiyası


Zəfərlə başa çatan İkinci Qarabağ savaşı həm də Azərbaycanın əsl dostlarını göstərdi. Vətən Müharibəsi bu baxımdan bir sınaq oldu və biz dostumuzu, düşmənlərimizi bir daha aydın gördük. Şükürlər olsun ki, dünyada dostlarımız az deyilmiş. Dünyanın əsas, aparıcı ölkələrinin əksəri bizimlə dost, müttəfiq, həmrəy, əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirdilər. Bəziləri isə neytrallıqlarını qorudular.

Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində kifayət qədər dostlar qazanmışıq. Hətta bir zamanlar bizimlə məsafəli davranan bir sıra dövlətlər də Qarabağ savaşında və ondan sonrakı dönəmdə yaxın tərəfdaş, dost kimi mövqe sərgilədilər.

Əlbəttə, bu dostluqlar asanlıqla qazanılmayıb. Və bundan sonrakı dönəmdə bu dostluqları daha da möhkəmləndirmək, daha artıq dostlar qazanmaq Azərbaycanın hədəflərindən biridir. Şübhəsiz ki, sınaqdan üzüağ çıxa bilməyən ölkələr də oldu və Azərbaycan da qarşıda buna uyğun davranacaq. Təbii ki, burada itirən həmin ölkələr özləri olacaq. Bölgənin lider dövləti, qalib dövlət, Avropanın əsas qaz təminatçılarından olan Azərbaycanla əməkdaşlıq, dostluq etməyənlər uduzmuş sayılır.
Vətən müharibəsində və ondan sonrakı mərhələdə bizimlə səmimi dostluq münasibəti sərgiləyən dövlətlərdən biri də İsrail oldu. Hər zaman təhlükəsizlik, geostrateji məsələlərdə Azərbacanla sıx əməkdaşlıq edən İsrail 44 günlük savaş dövründə Azərbaycanın yanında dayandı, açıq mövqe sərgilədi. Döyüşlərdə yüksək performans göstərən “Harop”u da İsrail cəmi bir neçə ölkəyə verib ki, onlardan da biri bizik.

Təkcə İsrail dövləti deyil, bütövlükdə yəhudi xalqı Azərbaycanın dostu olduğunu hər zaman əməldə sübut edib. Amerikadakı, Avropada yəhudi icmaları, yəhudi lobbisi hər zaman ermənilərlə mübarizədə Azərbaycana dəstək veriblər. Ən strateji məqamlarda yəhudi lobbisi bizim maraqlarımızdan çıxış edib.
Müharibə bitdikdən sonra da İsrail Azərbaycana müvafiq sahələrdə də dəstəyini əsirgəmir.
Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədi ilə humanitar yardım çərçivəsində ölkəmizə bir qrup israilli həkimlər gəlib. Onlar işlərinə start veriblər, çətin əməliyyatlar reallaşdırır, qazilərimizin sağlamlıqlarının bərpası üçün əllərindən gələni əsirgəmirlər.
Müharibədə bir gözünü itirmiş və üzü deformasiya olmuş qazi Nuralı Abdullayevə də tibbi yardım göstərilib. Vətən müharibəsi qazisi İsraildən gətirilən protez gözlə təmin edilib.

Həmçinin, gərəkdiyi halda, qazilərimizin müalicə və əməliyyat üçün İsrailə aparılması da nəzərdə tutulur.
Münasibətlərdəki səmimiyyət onu deməyə əsas verir ki, İsrail-Azərbaycan dostluğu, əməkdaşlığı daha da sıxlaşacaq və buna ciddi zəmin var. Ekspertlər hesab edir ki, səmimi dostluq münasibətləri ilə yanaşı, həm regional, həm təhlükəsizliklə bağlı məsələlərdə, habelə Qarabağın bərpası prosesində, xüsusi ilə müasir texnologiyaların tətbiqində İsraillə əlaqələr genişlənməlidir. Politoloqlar vurğulayır ki, münasibətlərin ən yüksək həddə inkişafı şəraitində Azərbaycanın İsraildə səfirliyini açması da gündəmə gəlməli və müvafiq addımlar atılmalıdır.

Bəzən burada qonşu İran amili qabardılır. Daha konkret desək, belə iddialar səslənir ki, İran İsraillə konfliktli münasibətdədir, Azərbaycanın Təl-Əvivlə münasibətləri onların xoşuna gəlməyə bilər. Ancaq nəzərə alaq ki, Azərbaycan bu gün regionun lider dövlətidir və hər kəslə dostluq münasibətlərini prioritet seçir, eyni zamanda regional sülhün, barışın təminatçısı rolunu oynamağa da qadirdir.
İsraillə Türkiyə arasında da münasibətlər isti deyil. Ancaq fakt odur ki, Türkiyə Azərbaycanın İsraillə dostluğuna qətiyyən mənfi prizmadan yanaşmır və bu, iki qardaş ölkə arasındakı münasibətlərə təsir göstərə bilməz. Çünki Azərbaycan yalnız doğru olanları edir, heç bir digər dövlətin maraqlarına zidd fəaliyyət sərgiləmir, münasibətlərində səmimi və sağlamdır.

Türkiyə bu səmimiyyətin fərqindədirsə, yalnız müsbət prizmadan yanaşırsa, bütün digər dövlətlər də bunu nəzərə almalıdırlar. Bu, hər kəs üçün faydalı olar…
Fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi mətbuat konfransında bu kontekstdə sualı da cavanlandırdı və kifayət qədər açıq mövqe bildirdi.

unnamed (1).jpg (48 KB)


“Beynəlxalq mediada Sizin Türkiyə ilə İsrail arasında əlaqələrin normallaşdırılması üçün vasitəçi olmağınıza dair xəbərlər var. Bununla bağlı fikirləriniz varmı” sualına Prezident İlham Əliyev belə cavab verdi: “…Azərbaycan bölgədə işbirliyini təmin edən bir ölkə kimi tanınır. Bizim heç bir ölkə ilə heç bir problemimiz yoxdur. Məhz buna görə biz Qoşulmama Hərəkatına yekdil səslə – 120 ölkədən 119-nun səsi ilə seçildik. Halbuki Qoşulmama Hərəkatında elə ölkələr var ki, bir-biri ilə yola getmirlər, onların arasında ciddi ixtilaflar var. Amma onların hər biri Azərbaycanı dəstəklədi. Çünki bizim çox səmimi siyasətimiz var. Biz hər bir ölkə ilə səmərəli işbirliyi qurmaq fikrindəyik, bunu edirik. Ona görə istər-istəməz Azərbaycan dünyada bir görüşmə nöqtəsi kimi tanınır. Təsadüfi deyil ki, misal üçün, müharibədən, COVID-dən əvvəl NATO və Rusiya hərbi rəhbərlərinin görüşləri məhz Bakıda keçirilirdi. Rusiya baş qərargah rəhbəri və NATO-nun Silahlı Qüvvələrinin rəhbəri Bakıda görüşürdülər. Niyə Bakıda görüşürdülər, başqa yerdə görüşmürdülər? Çünki inam var. Artıq biz bu imici qazanmışıq. İnam var, etimad var və hörmət var. Bilirlər ki, bizim sözümüz imzamız qədər qüvvətlidir.
Digər önəmli hadisələr baş verir. Müharibədən sonra aralarında ixtilaflar olan bəzi ölkələri bir araya gətirmək üçün Azərbaycan səy göstərir. Nə üçün biz bunu edirik? Biz istəyirik ki, sabitlik olsun, sülh olsun, ədavət olmasın, risklər azalsın. Biz bu bölgədə yaşayırıq. Azərbaycanın daxilində hər hansı bir təhlükə, risk mənbəyi yoxdur. Müharibənin əvvəlində də yox idi, indi də yoxdur. Nə ola bilər, bizim üçün nə başağrısı yarada bilər? Bizim hüdudlarımızın kənarında müəyyən gərginlik bizə həm siyasi, həm iqtisadi problem gətirə bilər. Bunu aradan qaldırmaq üçün nə etmək lazımdır? Çalışıb ölkələri barışdırmaq. Bilirsiniz, xüsusilə bəzi hallarda emosiyalar üstünlük təşkil edir. Bəzi hallarda hansısa ifadə edilən bir söz düzgün qəbul edilmir, yaxud da ki, yanlış anlaşılır. Yəni, bütün bu emosional məsələlərdən masamızı təmizləməliyik və mahiyyətə baxmalıyıq. Mahiyyətdə nə var? Misal üçün hər hansı iki ölkə arasında hansısa ciddi əsaslı ixtilaf var. Əgər varsa, gəlin bunu çözək. Yoxdursa, o zaman Azərbaycan kimi ölkənin, necə deyərlər, fəaliyyəti, əməyi yerində ola bilər. Mən bundan artıq deyə bilmərəm. Yəqin ki, siz də anlayırsınız nəyə görə. Ancaq mən hesab edirəm ki, dostlarımız arasında dostluq olarsa, o, həm dostlarımız üçün, həm bizim üçün daha yaxşı olacaq”.

Cənab İlham Əliyevin sərgilədiyi mövqe müdrik lider yanaşmasıdır. Dövlətlər arasında dostluq, problemlərin çözülməsi, əməkdaşlıq və sülh dünyanın yeganə çıxış yoludur. Bu, bir modeldir, formatdır və Prezident İlham Əliyevin tarixə düşən barış missiyasıdır.

Sonda vacib bir məqamı qeyd edək: Prezident İlham Əliyevin barış missiyası ilk deyil. O, bir neçə il öncə Türkiyə ilə Rusiya arasında gərgin münasibətlərin aradan qaldırılmasına vasitəçilik edib. Nəticə göz önündədir: Rusiya-Türkiyə artıq müxtəlif layihələrdə birgə iştirak, tərəfdaşlıq, müttəfiqlik edir. Bir nümunə də Qarabağda fəaliyyət göstərən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzidir. Yaxın gələcəkdə Rusiya və Türkiyənin də sıx əməkdaşlığı ilə bu gün fantastik görünən layihələrin əsası qoyulub…
İsraillə yaxın dostluq və onunla konfliktdə olanlara dair barış missiyası da daha böyük uğurlar qazandıra bilər.

Kanal20.az