İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb


Bakı, 16 sentyabr, AZƏRTAC
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 138-ci mövsümünü R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” tamaşası ilə açıb.
AZƏRTAC xəbər verir ki, səhnə əsərinin nümayişindən əvvəl İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev çıxış edərək teatrın ötən mövsümdə qazandığı yaradıcılıq uğurlarından, yeni mövsümdə teatrsevərlərə təqdim olunacaq tamaşalardan, premyeralardan, 101 il əvvəl Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni daşnaqlarından və rus bolşeviklərindən azad etdiyi günün tarixindən danışıb. Qeyd edib ki, mövsüm açılışı 15 sentyabr tarixinə ona görə təyin edilib ki, həmin əsərdə Nuru paşanın bədii obrazı da yer alıb. Ümumiyyətlə, əsər həmin tarixi və o dövrdə baş verən hadisələri əhatə edir.
Tədbirdə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli və Türkiyədən dəvət olunmuş Anadolu Aydınlar Ocağının başqanı, professor İbrahim Öztək çıxışlarında İrəvan Teatrının kollektivini yeni mövsüm münasibətilə təbrik edib, onlara səhnə fəaliyyətlərində uğurlar arzulayıblar. Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni daşnaqlarından və rus bolşeviklərindən azad etməsindən danışıblar.
Sonra “Soyqırımı tarixinin dastanı” tamaşası nümayiş olunub.
Səhnə əsərində ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər, xüsusi amansızlıqla diri-diri yandırılan türklərin, kürəyinə qaynar samovar bağlanaraq susdurulan Aşıq Nəcəfin acı taleyi, qadınların və uşaqların ah-naləsi və digər vəhşiliklər öz əksini tapıb. Çətin məqamlarda Nuru paşanın türk bayrağı altında qoşunu ilə Azərbaycana gəlişi, Milli Qəhrəmanımız Mübariz İbrahimovun nəşinin Vətənə gətirilməsi səhnələri və Prezident İlham Əliyevin o zaman dediyi “Biz hər birimiz torpaqlarımızın azadlığı uğrunda şəhid olmağa hazırıq, təki Vətən sağ olsun!” sözlərinin səsləndirilməsi tamaşaçılara böyük ruh yüksəkliyi bəxş edib.
Tamaşanın quruluşçu rejissor, tərtibatçı rəssam və xoreoqrafı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, bəstəkarı Muxtar Abseynov, rejissor assistenti Bəhruz Hikmətoğlu, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.
Rollarda aktyorlar Natiq Həziyev, Niyaməddin Səfərəliyev, Əmrulla Nurullayev, Müdvər Nemətova, Sevinc Hüseynova, Ruhiyyə Eyvazova, Bəhruz Hikmətoğlu, Güney Əliyeva, Rövşən Cəfərov, Arzuman Tanrıverdi, Səbinə İmamverdiyeva, Pərvin Dadaşova, Xədicə Məmmədova, Anar Buludov və Zəki Fətəliyev çıxış ediblər.