Azərbaycanda tələbə fərqli ilin fərqli imtahanlarından danışdı


Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin tələbəsi Elnarə Həsənova Kanal20.az-ın suallarını cavablandırıb.

-Bildiyimiz kimi imtahanları başa vurdunuz.Fərqli ilin fərqli imtahanlarının öhdəsindən necə gəldi Elnarə xanım ?

-Dünyanı cənginə alan Covid 19 pandemiyası ilə əlaqədar olaraq Bakı Dövlət Universitetində bu il imtahanlar onlayn formada və şifahi şəkildə keçirildi. Amma ənənəvi qaydaya nəzər salsaq universitetimizdə imtahanlar yazılı şəkildə baş tuturdu. Onlayn İmtahanlarımız şəffaf şəkildə keçirildi və tələbələrin xeyirinə başa çatdı. Bu il semestrı Əlaçı olaraq bitirərək 3-cü kursa keçdim.

-Elnarə xanım onlayın üsulla imtahan vermək sizdə çətinlik yaratdı, yoxsa heç fərq olmadı?

-Xeyr, heç bir çətinliyi olmadı. Hər zaman şifahi şəkildə imtahan verməyimin arzusunda idim, çünki hövsələsiz biri olduğuma görə yazılı formada imtahan verməyə səbrim bəzən tükənirdi. Qismət bu il üçün imiş. (gülür)

-Virusa qarşı nə düşünürsüz, siz də digərləri kimi inamsızsız, ya qaydalara əməl edirsiz?
Bu çətin, bir vaxtda kiməsə kömək etmək niyyətində olmusuz,- və yaxud da düşünürsüz bu haqda?

-Bəli, virusun mövcudluğuna inanıram. Dostlarımdan, qohumlarımdan bu virusa tutulan olub. Şükür indi səhhətləri qaydasındadır. Mənə gəldikdə isə gigiyeniya qaydalarına əməl edirəm, heç bir yerə getmirəm, psixologiyamı virus ilə bağlı məlumatlarla yormuram, heç kimlə bu mövzu haqqında danışmıram. Mən enerjiyə inanam insanam, çünki bəzən bir məsələ haqqında çox danışan zaman sanki onu özünə doğru çəkirsən. Və bu etdiklərimi hər kəsə məsləhət görürəm.

-Dövlətin mədəni əlaqələrinin inkişafına xidmət etmək sizdə hansı əhval ruhiyyə yaradır?

-Mən Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İsrail üzrə regionşünaslıq ixtisasının tələbəsiyəm. İsrail dövlətin olan marağım, yəhudi xalqına olan sevgimdən qaynaqlanaraq bu ixtisasda oxumaq məktəb illərimdə mənim ən böyük arzum idi. Ailəm və ətrafım isə ixtisas seçimi dəstəkləmirdilər, çünki onlar məni gələcəyin iqtisadçısı olaraq görürdü. Tək dəstəkcim isə bir tək atam idi. Hətta onu da deyim ki, ixtisas seçimimi hamıdan gizli şəkildə Coğrafiya fənnindən hazırlığına getdiyim Nəriman müəllimimə kodlaşdırdım və hər kəsi aldadaraq “Nəriman müəllim İsrail üzrə regionşünaslıq ixtisasını ən axıra yazdı, qismət olacaqsa olacaq” demişdim. Əslində isə birinci yerə yazılmışdı (gülür) Anam müəllimimə zəng edib demişdi ki, “ Elnarənin dediyini etməyin, siz biz dediyimiz ixtisasları kodlaşdırarsız.” Amma müəllimim çox sağolsun ki, mənim dediyimi etdi. Cavablar açıqlanan gün isə hamı sadəcə şok vəziyyətində idi. Bu arada yalanımı anamın doğum günündə etiraf elədim. Bu gün valideynlərim və ətrafım uğurlarımı gördükcə “yaxşı ki öz dediyini etdin” ifadəsini söyləyirlər.
Hal hazırda Azərbaycan və İsrail arasında olan mədəni əlaqələrin inkişafına xidmət göstərməkdən fəxr hissi duyuram. Bu xidmətdə qazandığım hansısa bir uğurumdan sonra sosial şəbəkədəki hesablarıma həm İsraildən, həm də Azərbaycandan çox gözəl məktublar gəlir. Həmin məktublardakı gözəl sözləri, xoş duaları oxuduqca çox sevinirəm.

-İsrailə getmək , oranı görmək istəyirsiz?

-Bəli , İsrailə səfər etməklə bağlı planlarım 2020-ci ilin May ayı üçün idi. Lakin məlum səbəblərdən dolayı sərhədlər bağlıdır və xaricə getmək mümkün deyil. İnşallah gələn il 20 illik yubiliyemi İsraildə qeyd etməyi Allah nəsib edər.

-Gələcəyiniz uğurlu və yaradıcılığınız rəngarəng olsun deyərək sizinlə sağollaşıram.

-Məndə öz adımdan sizə təşəkkürümü bildirirəm ki, məndən müsahibə götürdünüz. İşlərinizdə uğur arzu edir və tələbələrə dəstəyiniz hər zaman olmasını diləyirəm. Çünki biz tələbələrə bu cür dəstək həqiqətən gərəkdir. Son olaraq bütün insanlara demək istəyirəm ki, çətinliklərə və qarşıdurmalara rəğmən nəyinsə xəyalını beyninizdə canlandırmısınızsa, onu reallaşdırmaq gücünüzü meydana qoyun. Çünki o xəyal gerçəkləşdirəndən sonra yaşanılan həmin xöşbəxtlik nəyə desəniz dəyər. Bəlkə də söylədiyim o güc prinsipini 2018-ci ildə meydana qoymasaydım hal hazırda başqa bir ixtisasda könülsüz şəkildə təhsil alırdım, hətta bəlkə də kəsrlərim belə yığılıb qalmışdı. Bu gün isə mən istədiyim universitetin və ixtisasın tələbəsiyəm. İnanıram ki, göstərdiyim bu çabanın gələcəkdə çox böyük qarşılığını görəcəm. Hər kəsə uğur və şans diləyirəm.

Bəylər Abbaslı