Azərbaycan idmançılarına maddi yardım olunacaq


Beynəlxalq Oxatma Federasiyası (World Archery) Beynəlxalq İdmanın İnkişafına Yardım Fondu ilə birlikdə koronavirus pandemiyası dövründə gəlirdən məhrum olan idmançılara maddi dəstək verəcək.

“Report”un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunun üçün ümumilikdə 150 000 ABŞ dolları ayrılıb.

Hər idmançı 7 500 ABŞ dollarından çox olmayan qrant ala biləcək.

Bildirilib ki, maddi yardım üçün 2019-cu il dünya çempionatında və Dünya Kubokunun son mövsümündə iştirak etmiş 18 yaşdan yuxarı idmançılar və paralimpiyaçılar müraciət edə bilərlər.

Bunun üçün onlar qazanclarının 2020-ci ildə gözlənildiyindən az olduğunu sübut edən zəruri sənədləri, həmçinin əldə etdikləri gəlirləri hansı istiqamətdə xərcləyəcəkləri barədə bildiriş təqdim etməlidirlər.

Bu imkandan DÇ-2019 və Dünya Kubokunun iştirakçısı olan Azərbaycan millisinin oxatanları da faydalana biləcəklər.

Yığmanın məşqçisi Natiq Fazilovdan aldığımız məlumata görə, bunlar Yaylagül Ramazanova, Özay Qasımova və Svetlana Simenovadır. Hər 3 idmançı ötən il Türkiyə və Almaniyadakı Dünya Kubokunda, həmçinin Niderlanddakı dünya çempionatında iştirak ediblər.

Onlardan Y.Ramazanova DÇ-də final mərhələsinə vəsiqə qazansa da, mükafatçılar sırasına düşə bilməyib.